Türkiyə Super Liqasının 35-ci turunda liderin ən yaxın rəqibi “Fənərbağça” səfərdə “Başakşəhər”in qonağı olub.
Emre Belözoğlunun komandaya baş məşqçi təyin olunmasından sonra uğurlarını sıralayan “sarı lacivərdlilər” növbəti qələbəsini qazanıb. Oyuna daha yaxşı başlayan meydan sahibləri 18-ci dəqiqədə hesabı açıblar. Ömər Şahinər qapını dəqiq nişan alıb. İlk hissənin yekunlaşmasına 5 dəqiqə qalmış qonaqlar hesabda tarazlıq yaradıblar. Attila Salai Ozan Tufanın ötürməsini qolla tamamlayıb. Fasilədən sonra “Fənərbağça” futbolçuları hesabda önə keçiblər. Dimitris Pelkas fərqlənib. 3 dəqiqə sonra Aykut Kocamanın komandası azlıqda qalıb. Muhmut Tekdemir ikinci dəfə sarı vərəqə ilə cəzalandırılıb. Qarşılaşmanın sonlarında “Başakşəhər” futbolçularının yenidən hesabı bərabərləşdirmək fürsəti nəticəsiz qalıb. Edin Vişça penaltidən yararlana bilməyib. “Başakşəhər” – “Fənərbağça” 1:2.
Bu nəticə ilə xallarının sayını 69-a çatdıran “Fənərbağça” ikinci pillədəki mövqeyini qoruyub və əzəli rəqibi “Qalatasaray”ı 4 xal qabaqlayır. Çempionata 71 xalla “Beşiktaş” başçılıq edir.